Rusiyanın məşhur fiqurlu konkisürəninin oğlu Azərbaycan millisində
Rus prodüser Yana Rudkovskayanın oğlu, fiqurlu konkisürən Aleksandr Plyuşenko növbəti beş il ərzində beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək.
TodayPress TV xəbər verir ki, Rudkovskaya bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Onun sözlərinə görə, Aleksandr Plyuşenko yeni qaydalar qüvvəyə minməzdən əvvəl beş il müddətinə Azərbaycanın idman vətəndaşlığını alıb.
“Saşa Plyuşenko beş il müddətinə Azərbaycan pasportu alıb. Bu, idman vətəndaşlığıdır. Niyə məhz beş il? Çünki beş ildən sonra Saşa yeniyetmələr kateqoriyasından böyüklər kateqoriyasına keçəcək. Bu, 2031-ci ildə baş verəcək. Saşa 2030-cu il Olimpiadasında iştirak etməyəcək, çünki hələ çox kiçikdir”, – deyə Rudkovskaya bildirib.
Xatırladaq ki, mayın 21-də mediada Aleksandr Plyuşenkonun idman vətəndaşlığını dəyişdiyi barədə məlumat yayılmışdı.
Aleksandr Plyuşenko indiyədək rəsmi turnirlərdə az iştirak edib. O, 2025-ci il yanvarın 25-də öz kateqoriyasında yeganə iştirakçı olaraq yarışın qalibi olub və iki proqramın yekununa əsasən 160,69 xal toplayıb.
Həmin ilin fevralında keçirilən S.A. Juk Memorialı – uşaqlar arasında Rusiya birinciliyində isə 18-ci yeri tutub.