Rusiyadan Özbəkistana üçüncü tennisçi: Polina Kudermetova

İdman

04.01.2026 12:50

Dünya reytinqində 30-cı yerdə olan rusiyalı tennisçi Veronika Kudermetova bildirib ki, onun kiçik bacısı Polina, dekabr ayında Özbəkistan bayrağı altında çıxış etməyə başlayanda heç kiminlə məsləhətləşməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Tatar-inform Sport” məlumat yayıb. 

Veronika bacısının bu qərarının mümkün səbəblərini açıqlayıb.

“Mənim üçün bu bir qədər ağrılı mövzudur. Onun seçimini dəstəkləmirəm, heç kiminlə danışmayıb, bu onun şəxsi qərarıdır. Mən hesab edirəm ki, onun idman vətəndaşlığını dəyişməsinin motivasiyasında həm maliyyə səbəbləri, həm də Olimpiadaya qatılmaq arzusu var. Rusiyalı idmançı kimi yüksək reytinq mövqeləri üçün mübarizə aparmaq ona çətin idi. Özbəkistan komandasında isə artıq üçüncü və ya hətta ikinci idmançı mövqeyində olacaq”, — deyə Kudermetova bildirib.

Qeyd edək ki, son iki ay ərzində üçüncü tennisçi Rusiyadan Özbəkistana keçib və bu Polina Kudermetova olub.

Namiq HUN

TodayPress TV

tag: Polina Kudermetova,Tennis,Rusiya,Özbəkistan,Todaypress.tv,