Ronaldinyo futbola qayıtdı, unudulmaz gecəni belə təsvir etdi
Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo 11 illik fasilədən sonra rəsmi matçda meydana çıxması ilə bağlı təəssüratlarını bölüşüb.
TodayPress TV xəbər verir ki, 46 yaşlı futbolçu İtaliya C Seriyasının XIV turunda “Ravennа”nın heyətində “Forli” ilə qarşılaşmada debüt edib.
Görüş “Ravenna”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra Ronaldinyo komanda yoldaşlarına və azarkeşlərə göstərdikləri isti münasibətə görə təşəkkür edib.
“Rəsmi matçda yenidən oynadığım üçün çox xoşbəxtəm. Bir neçə il istirahət etdim, amma artıq qayıtmağın vaxtı çatıb. Zarafat bir yana, komanda yoldaşlarımla birlikdə bu möhtəşəm günü yaşamaq və dolu stadionun qarşısında meydana çıxmaq inanılmaz hiss idi. Şübhəsiz ki, bu, həyatımın xüsusi anlarından biridir.
Bilirsiniz ki, özümə meydan oxumağı, yeni və heç kimin, yaxud çox az adamın sınadığı şeyləri etməyi sevirəm. Bu adrenalin, meydançanın qoxusu və topla yenidən görüşmək həmişə xüsusi hissdir.
Bu arzumun gerçəkləşməsinə inandıqları üçün dostlarım Lorenzo, İqnasio və Cüzeppe Çiprianiyə, eləcə də “Ravenna”nın bütün kollektivinə təşəkkür edirəm. İtaliyada və bütün dünyada uğur qazanmaq üçün çalışmağa davam edəcəyik. Əminəm ki, doğru yoldayıq.
Bu unudulmaz axşam üçün bütün azarkeşlərə, xüsusilə məni dəstəkləmək və yaxşı futbol matçını izləmək üçün uzaq məsafədən gələnlərə minnətdaram. Biz daha yuxarı diviziona yüksəlmək uğrunda mübarizədə əlimizdən gələni etdik. Tezliklə görüşənədək, ailəm!” – deyə Ronaldinyo sosial şəbəkə hesablarında yazıb.
Namiq HUN