Rəşad Rəsullu: Bakıda keçiriləcək dünya çempionatında 80-90 ölkədən 600-dən çox cüdoçunun iştirakı gözlənilir

Rəşad Rəsullu: Bakıda keçiriləcək dünya çempionatında 80-90 ölkədən 600-dən çox cüdoçunun iştirakı gözlənilir
16.07.2026 12:25 İdman

"Bakı şəhərində keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlıq işləri plan üzrə davam edir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Cüdo üzrə Böyüklər Arasında Dünya çempionatına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, 8 ildən sonra yenidən dünya çempionatının Azərbaycana həvalə olunması ölkə cüdosu üçün mühüm hadisədir.

"Bu il Bakının Ümumdünya İdman Paytaxtı elan olunması fonunda yarışın məhz paytaxtda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Yarışın Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunduğu gündən etibarən Azərbaycan Cüdo Federasiyası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq Cüdo Federasiyası və tərəfdaş qurumlarla sıx əməkdaşlıq edir".

Rəşad Rəsullu dünya çempionatının indiyədək keçirilən ən uğurlu yarışlardan biri olması üçün bütün imkanların səfərbər edildiyini vurğulayaraq, media nümayəndələrinin yarışın geniş işıqlandırılmasında mühüm rol oynayacağını bildirib.

"Dünya çempionatının biletlərinin satışı iyulun 2-dən başlayıb və indiyədək 670 bilet satılıb. Satılan biletlərin təxminən 80 faizi xarici ölkələrdən alınıb. Artıq 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib ki, bu da turnirə beynəlxalq marağın yüksək olduğunu göstərir.  Yarış ölkənin turizm sektoruna və iqtisadiyyatına da müsbət töhfə verəcək. Beynəlxalq Cüdo Federasiyası iyulun 3-də dünya çempionatının rəsmi əsasnaməsini dərc edib. Sənəddə media akkreditasiyası da daxil olmaqla bütün prosedurlar öz əksini tapıb və jurnalistlər akkreditasiya üçün vaxtında müraciət etməyə çağırılıb".

Federasiya rəsmisi  qeyd edib ki, dünya çempionatında 80-90 ölkədən 600-dən çox idmançının iştirakı gözlənilir. Onun sözlərinə görə, iştirakçı ölkələrin sayının məhdud olması Beynəlxalq Cüdo Federasiyasının reytinq sistemi ilə bağlıdır. Belə ki, yarışda yalnız böyüklər arasında dünya reytinqində ilk 200-lükdə yer alan, yaxud gənclər arasında ilk 16-lığa daxil olan cüdoçular mübarizə aparmaq hüququ qazanırlar.

O bildirib ki, təşkilatçı ölkə kimi Azərbaycan üçün bu məhdudiyyətlər müəyyən qədər tətbiq olunmur. Milli komanda hər çəkidə maksimum iki idmançı olmaqla kişi və qadınlar arasında ümumilikdə doqquz cüdoçu ilə təmsil oluna biləcək. Bundan əlavə, federasiya Beynəlxalq Cüdo Federasiyasına əlavə kvotaların ayrılması üçün müraciət edəcək.

İcraçı vitse-prezident artıq Yaponiya və Fransanın heyətlərini açıqladıqlarını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Teddi Riner, Uta Abe, Hifumi Abe, Satoşi Maruyama və digər tanınmış cüdoçuların Bakıda çıxışı artıq dəqiqləşib.

Rəşad Rəsullu vurğulayıb ki, Bakı dünya çempionatı Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları verən ilk dünya çempionatı olacaq. Məhz buna görə də dünyanın aparıcı cüdoçularının böyük əksəriyyətinin yarışda iştirak edəcəyi gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər