“Real”ın çempionluq formulunu açıqladı: Mourinyo kimləri günahlandırdı?
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo La Liqanın VII turunda “Atletiko”ya 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra hakimlik mövzusuna toxunaraq “qaymaqlar”ın çempionluq şanslarını dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Sizcə, çempionatı qazanmaq çətin olacaq?” sualına təcrübəli mütəxəssis belə cavab verib:
“Əgər bizi rahat buraxsalar və hər kəslə bərabər şərtlər daxilində mübarizə aparmağımıza imkan versələr… Qarşıda hələ uzun yol var. Hər şeyin əvvəlcədən qurulduğunu iddia edib həddi aşmaq istəmirəm, belə düşünmək xoş deyil. İnanmaq istəyirəm ki, onlar sadəcə səhv ediblər. Axı məşqçilər və futbolçular da səhv edə bilər - görünür, Hakimlər Komitəsi də eyni şəkildə yanılıb. Bədbəxtlər… Bu matça “Real”la kifayət qədər zəngin keçmişi olan bir hakimi digəri ilə cütləşdirib təyin etməklə səhvə yol verdilər”, - deyə Mourinyo bildirib.
Xatırladaq ki, İspaniya çempionatında 7 turdan sonra 21 xal toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir. 16 xalı olan “Atletiko” 2-ci pillədə, 15 xal toplayan “Real Madrid” isə 4-cü sırada qərarlaşıb.
Namiq HUN