“Real” “Arsenal”ın planlarını alt-üst etdi: Vinisius transferinin pərdəarxası
Məşhur televiziya aparıcısı Pirs Morqan “Arsenal”ın Madrid “Real”ının hücumçusu Vinisius Junioru heyətinə qatacağına tam əmin olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.
“Mənə verilən məlumata görə, “Arsenal” yanvarda yeni hücumçu almaq üçün yenidən transfer bazarına qayıtmağa hazırlaşır. Komanda qış transfer pəncərəsində mütləq kimisə heyətinə qatacaq.
Həmçinin mənə bildirildi ki, “Arsenal” rəhbərliyi Vinisius Juniorun transferini artıq bitmiş hesab edirdi. Bu, komandamız üçün möhtəşəm bir keçid olardı. Dəqiq bildiyim bir şey var – “topçular” braziliyalı futbolçunun “Real”la yeni müqavilə imzaladığı günə qədər onun transferinə tam əmin idi”, – deyə Morqan bildirib.
Xatırladaq ki, London təmsilçisi yayda “Real” Vinisiusla yeni müqavilə bağlaya bilməsəydi, rəsmi təklif göndərməyə hazırlaşırdı. Lakin avqustun əvvəlində braziliyalı vinger “kral klubu” ilə müqaviləsini 2032-ci ilə qədər uzatdı.
Namiq HUN