Qalmaqallı partiya: etiraz qəbul olundu, nəticə yenidən yazıldı
Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin ilk oyununda Ayan Allahverdiyeva ilə Türkan Məmmədyarova arasında keçirilmiş partiyanın nəticəsinə yenidən baxılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, hakimlər kollegiyasının ilkin qərarına əsasən Ayan Allahverdiyeva tərəfindən iki dəfə əsassız iddia irəli sürüldüyü qeyd olunaraq partiya Türkan Məmmədyarovanın xeyrinə hesablanmışdı.
Qərarla razılaşmayan Ayan Allahverdiyeva Çempionatın Apellyasiya Komitəsinə müraciət edib.
Apellyasiya Komitəsi Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qüvvədə olan qaydalarına əsaslanaraq Ayan Allahverdiyevanın etirazını təmin edib.
Komitənin qərarına əsasən Türkan Məmmədyarovanın qələbəsi ləğv olunub və tərəflər arasında keçirilən ilk partiyanın nəticəsi heç-heçə kimi qeydə alınıb. Türkan Məmmədyarova Apellyasiya Komitəsinin qərarı ilə razılaşdığını bildirib.
Namiq HUN