Premyer Liqadan diqqətçəkən addım: Oyunlarda oruc fasiləsi olacaq

İdman

17.02.2026 13:59

Premyer Liqa və İngiltərə Futbol Liqası cari mövsüm də Ramazan ayı ərzində oyunlarda qısa fasilələrin tətbiqini davam etdirəcək. 

TodayPress TV xəbər verir ki, fasilələr müsəlman futbolçulara və hakimlərə oruclarını açmaq üçün imkan yaratmaq məqsədi daşıyır.

Əvvəlki illərdə olduğu kimi, mümkün fasilələr oyun iştirakçıları ilə əvvəlcədən razılaşdırılacaq. Komanda kapitanları və hakimlər görüşdən əvvəl fasilənin olub-olmayacağını və hansı anda tətbiq ediləcəyini müəyyən edəcəklər. Oyun açıq epizod zamanı dayandırılmayacaq, fasilə yalnız qapı zərbəsi, aut və ya cərimə zərbəsi kimi təbii pauzalarda veriləcək.

Bu qayda rəsmi olaraq 2021-ci ildə təsdiqlənib. İlk belə fasilə “Lester Siti” – “Kristal Pelas” Premyer Liqa matçında tətbiq edilmişdi. Həmin görüşdə təxminən 30-cu dəqiqədə oyun dayandırılmış və futbolçular Uesli Fofana ilə Şeyxu Kuyate maye və enerji geli qəbul edərək oruclarını açmışdılar.

Premyer Liqanın dini ənənələrə hörmətlə yanaşması turnirin multikultural mühitini əks etdirir. Liqada Mohamed Salah, William Saliba, Rayan Aït-Nouri və Amad Diallo kimi müsəlman futbolçular çıxış edir. 

“Premyer Liqada öz inancına uyğun davranmaqda azadsan. Onlar heç vaxt dininə qarşı addım atmazlar və bu, çox müsbətdir”, – deyə keçmiş “Everton” yarımmüdafiəçisi Abdoulaye Doucouré 2023-cü ildə BBC Sport-a bildirib.

Bu praktika İngiltərə futbolunda müxtəlifliyin və inklüzivliyin simvolu kimi qəbul olunur.

Namiq HUN

TodayPress TV

tag: Premyer Liqa,İngiltərə Futbol Liqası,Ramazan,Fasilə,Todaypress.tv,