Pep Qvardiolanın müdafiədəki əsas silahı komandada qalacaq!

İdman

08.05.2026 10:38

“Mançester Siti” müdafiəçisi Yoşko Qvardiol ilə yeni müqavilə imzalamağa yaxındır.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

“Şəhərlilər” xorvatiyalı futbolçu ilə əməkdaşlığı uzatmaq niyyətindədir.

Daha əvvəl Yoşko Qvardiolla Madrid “Real”ının maraqlandığı barədə xəbərlər yayılmışdı.

Lakin “Siti” futbolçunun İspaniya klubuna keçidinin qarşısını almaq və onu komandada saxlamaq istəyir.

Qvardiol 2023-cü ildə “Leyptsiq”dən transfer olunduqdan sonra “Mançester Siti”nin heyətində 120 oyun keçirib.

24 yaşlı müdafiəçi həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi kimi çıxış edərək universallığı ilə seçilir.

Hazırda futbolçu yanvar ayında aldığı baldır sümüyü sınığından sonra bərpa prosesini davam etdirir. Zədə “Mançester Siti”nin onunla yeni müqavilə imzalamaq istəyinə təsir etməyib.

Qvardiol cari mövsümdə bütün turnirlərdə 23 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında Yoşko Qvardiolun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Pep Qvardiola,Mançester Siti,Yoşko Qvardiol,Real Madrid,Todaypress.tv,