Paralimpiya ətrafında qalmaqal: Ukrayna boykot siqnalı verdi

İdman

19.02.2026 14:26

Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Rusiya və Belarus idmançılarının milli bayraq və himnlə Paralimpiya Oyunlarına buraxılması qərarı dəyişdirilməsə, ölkə boykot qərarı verə bilər. 

TodayPress TV xəbər verir ki, nazirlik digər dövlətləri də Paralimpiya-2026 açılış mərasimində iştirakdan imtina etməyə çağırıb.

Daha əvvəl məlum olub ki, altı rusiyalı idmançı yarışlara buraxılıb və onlar milli simvolika ilə çıxış edəcəklər.

Bəyanatda qeyd olunur ki, Rusiya və Belarusun milli atributlarla iştirakına icazə verilməsi narazılıq doğurur, paralimpiya ictimaiyyətini və Ukraynanı təhqir edir, həmçinin beynəlxalq idmana inamı sarsıdır.

Ukrayna artıq rusiyalı idman təbliğatçılarına, Rusiya Paralimpiya Komitəsinə və onun rəhbəri Pavel Rojkova qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Rəsmi Kiyev hesab edir ki, paralimpiya idmanı ləyaqət və ədaləti müdafiə etməli, maneələri aşan insanları qorumağa xidmət etməlidir.

Ukrayna Beynəlxalq Paralimpiya Komitəsini və oyunların təşkilat komitəsini qərara yenidən baxmağa çağırır və Rusiya ilə Belarusun dövlət simvollarının qadağan olunmasını tələb edir.

Bildirilib ki, qərar dəyişdirilməsə, ukraynalı rəsmilər Paralimpiya Oyunlarına getməyəcək, açılış mərasimində və digər rəsmi tədbirlərdə iştirak etməyəcəklər. Ukrayna tərəfdaş ölkələrin nümayəndələrini də eyni addımı atmağa çağırıb və beynəlxalq platformalarda “ədalətin bərpası” üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Namiq HUN

TodayPress TV

tag: Ukrayna Xarici İşlər Nazirliyi ,Paralimpiya Oyunları, Rusiya ,Belarus ,Todaypress.tv,