Olimpiya çempionu bürünc medal üçün tatamiyə çıxacaq!
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq.
TodayPress TV xəbər verir ki, olimpiya çempionumuz yarımfinalda Tacikistan təmsilçisi Masudi Ahmadzodaya “qızıl xal” bölümündə məğlub olub.
Beləliklə, Heydərov turnirin bürünc medalını qazanmaq üçün tatamiyə çıxacaq.
Digər iki Azərbaycan cüdoçusu isə medal mübarizəsini dayandırıb.
Eyni çəki dərəcəsində çıxış edən Kamran Süleymanov 1/16 finalda Özbəkistan təmsilçisi Zamoxşari Bekmurodova ipponla uduzaraq turnirlə vidalaşıb.
Qadınların yarışında 70 kq çəki dərəcəsində mübarizə aparan Südabə Ağayeva da 1/8 finalda Portuqaliya cüdoçusu Tais Pinaya məğlub olub.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan təmsilçilərindən Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal qazanıb.
Namiq HUN