“Old Trafford”da faciəvi gecə: “Mançester Yunayted” azarkeşlərini şoka saldı
“Mançester Yunayted” doğma meydanı “Old Trafford”da 50 ildən çox vaxtdan sonra ilk dəfə iki və ya daha çox top fərqi ilə öndə olduğu oyunda məğlubiyyətlə üzləşib.
TodayPress TV “OptaJoe” nəşrinə istinadən xəbər verir ki, analoji hal sonuncu dəfə 1976-cı ilin sentyabrında yaşanmışdı - həmin vaxt mankunianlılar “Tottenhem”ə 2:3 hesabı ilə uduzmuşdular.
Sözügedən antirekord İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində “Brayton”a qarşı oyunda gəlib. Matçın əvvəlində Şi Leysi və Meyson Mauntun qolları ilə 2:0 öndə olan “Mançester Yunayted” üstünlüyünü qoruya bilməyərək qapısında üç cavabsız qol görüb və 2:3 hesabı ilə yenilib.
Bu məğlubiyyətdən sonra “Mançester Yunayted” mübarizəni dayandırıb, “Brayton” isə növbəti mərhələyə vəsiqə qazanıb. 1/8 finalda onların rəqibi “Mançester Siti” – “Norviç Siti” cütünün qalibi olacaq.
Namiq HUN