“Nottingem Forest”də böyük dəyişiklik: Edu getməyə məcbur oldu!
İdman
06.03.2026 10:26
Edu Qaspar “Nottingem Forest” klubunda futbol istiqamətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Edu Qasparın klubun məşq bazasına və ev stadionuna daxil olması qadağan edilib. O, komandanın son üç oyununu artıq buraxıb.
Qeyd edək ki, Edu 2025-ci ilin iyulunda “Arsenal” klubundakı uğurlu fəaliyyəti ilə tanınan menecer kimi “Nottingem Forest”ə gəlmişdi. Lakin onun rəhbərliyi altında cəmi səkkiz ay ərzində komandada dörd baş məşqçi dəyişib.
Mövsümə Nunu Eşpiritu Santu ilə başlayan klub daha sonra Angelos Postekoğlu, Şon Dayç və hazırkı baş məşqçi Vitor Pereyra ilə işləyib.
Bu müddətdə transferlərə təxminən 200 milyon funt sterlinq (232,4 milyon avro) xərclənsə də, komandanın nəticələri qənaətbəxş olmayıb.
Hazırda “Nottingem Forest” Premyer Liqada 28 xalla 17-ci pillədə qərarlaşıb. Edu Qasparın artıq klub rəsmisi kimi deyil, kənar şəxs kimi izlədiyi son oyunda komanda “Mançester Siti” ilə 2:2 hesablı heç-heçə edib.
Namiq HUN
tag: Nottingem Forest,Edu Qaspar,Klub,Qərar,Todaypress.tv,
