NBA əfsanəsi 65 oyun qaydasını tənqid etdi

İdman

05.03.2026 10:30

Reci Miller ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) fərdi mükafatlar üçün tətbiq olunan 65 oyun qaydasının ləğv edilməsini təklif edib.

TodayPress TV xəbər verir ki, O bu fikirləri The Dan Patrick Show proqramının YouTube kanalına müsahibəsi zamanı səsləndirib.

“Indiana Peysers” klubunun əfsanəsi hesab olunan sabiq basketbolçu müasir basketbolda oyunun tempinin və fiziki yüklənmənin artdığı üçün bu limitin artıq həddindən artıq yüksək olduğunu bildirib.

NBA qaydalarına görə, basketbolçular fərdi mükafatlara iddialı olmaq üçün mövsüm ərzində minimum 65 oyunda iştirak etməlidirlər.

Millerin sözlərinə görə, bu tələb bir çox hallarda aparıcı oyunçuların zədələnmə riskini artırır.

“Əvvəlcə bu qaydanı ləğv edərdim. Müasir reallıqda bu, çox yüksək həddir. Kənardan baxanlar üçün 65 oyunda iştirak etmək asan görünə bilər. Amma oyunun indiki tempi və basketbolçuların gördüyü qaçış yükünü nəzərə alanda zədələrin haradan yarandığını başa düşmək çətin deyil. Məncə, 65 çox sərt rəqəmdir”, – deyə Reci Miller bildirib.

Namiq HUN

TodayPress TV

tag: NBA,Reci Miller,Tətbiq,Oyun,Todaypress.tv,