Mourinyodan ultimatum: “Günahkardırsa, “Benfika”da karyerası bitəcək!”
İdman
02.03.2026 10:02
“Benfika” klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında baş verən irqçilik qalmaqalı ilə bağlı danışıb.
TodayPress TV xəbər verir ki, o bu barədə А Вola nəşrinə müsahibəsində deyib.
Mourinyo yarımmüdafiəçi Canluka Prestianninin müvəqqəti uzaqlaşdırılması və Vinisius Juniorla bağlı bildirib ki, o, hər cür ayrı-seçkiliyi və diskriminasiyanı qətiyyətlə pisləyir, İnsan Hüquqları Bəyannaməsinin oxunmasını tövsiyə edir. Onun sözlərinə görə, tənqid çox zaman onu səsləndirəni xarakterizə edir.
Portuqaliyalı mütəxəssis xüsusilə günahsızlıq prezumpsiyasına diqqət çəkib:
“Əgər oyunçum mənim və “Benfika”nın prinsiplərinə zidd davranıbsa, onun həm mənimlə, həm də klubla karyerası bitəcək. Amma burada çoxlu “əgər”lər var.”
Mourinyo qeyd edib ki, UEFA futbolçunu matçdan kənarlaşdırmaq üçün əsas tapıb, lakin qərarda “əgər” prinsipinə kifayət qədər yer verilməyib. Onun sözlərinə görə, əgər futbolçunun günahı sübuta yetirilərsə, o zaman münasibəti tam dəyişəcək.
Xatırladaq ki, ilk oyun Real Madridın 1:0 hesablı qələbəsi ilə başa çatıb və Vinisiusun şikayətindən sonra görüş 10 dəqiqəlik dayandırılıb. Cavab qarşılaşmasında “Benfika” 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Namiq HUN
tag: Joze Mourinyo,Benfika,Canluka Prestianni,İrqçilik,Todaypress.tv,
