Millimizi qrup liderliyinə aparan yol Lixtenşteyndən keçir
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynə qarşı keçiriləcək oyundan əvvəl komandanın qarşısına qələbə hədəfi qoyub.
TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, mütəxəssis bu barədə matçdan öncə təşkil olunan mətbuat konfransında danışıb.
Ayxan Abbasov çətin qarşılaşmaya çıxacaqlarını bildirib:
“Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuzu keçirəcəyik. Daha sonra bizi Andorra millisi ilə yoldaşlıq görüşü gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyununa bələdik. Bakıda bu komanda ilə heç-heçə etmişdik. Düşünürəm ki, doğma meydanda daha inamlı çıxış etməyə çalışacaqlar.
Futbolçularımız hazırda yaxşı formadadırlar. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. İnanıram ki, istədiyimiz qələbəni qazanacağıq”.
Qeyd edək ki, bu gün Vadus şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Namiq HUN