Meydandan məhkəməyə: qalmaqallı finalın acı nəticəsi

İdman

14.04.2026 12:44

Mərakeşdə apellyasiya məhkəməsi Seneqal milli futbol komandası azarkeşləri ilə bağlı çıxarılan hökmü qüvvədə saxlayıb.

TodayPress TV “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, Afrika Millətlər Kubokunun finalında Mərakeş yığması ilə oyunda baş verən iğtişaşlara görə 18 seneqallı azarkeş müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. 

Hadisə yanvarın 18-də baş verib. Azarkeşlər hüquq-mühafizə orqanlarına qarşı zorakılıq, idman inventarına ziyan vurma və əşyalar atmaqda ittiham olunublar.

İlkin məhkəmə qərarına əsasən:

9 nəfər 1 il həbs və 5 min Mərakeş dirhəmi (təxminən 460 avro) cərimə, 

6 nəfər 6 ay həbs və 2 min dirhəm (təxminən 184 avro) cərimə, 

3 nəfər isə 3 ay həbs və 1 min dirhəm (təxminən 92 avro) cərimə alıb.

Aprelin 13-də qərardan apellyasiya şikayəti verilsə də, məhkəmə hökmü dəyişdirməyib.

Hadisədən sonra Afrika Futbol Konfederasiyası Seneqal yığmasına texniki məğlubiyyət verib və Mərakeş milli futbol komandası turnirin qalibi elan olunub.

Matçın əvvəlki nəticəsi ləğv edilib. Buna səbəb Seneqal futbolçularının oyunu 10 dəqiqədən çox müddətə tərk etməsi olub. Qarşılaşmanın son dəqiqələrində VAR qərarı ilə Seneqalın qolu sayılmayıb və onların qapısına penalti təyin edilib.

Baş məşqçi Pap Tiav etiraz əlaməti olaraq komandanı meydandan çıxarıb. 15 dəqiqə sonra oyunçular geri qayıdıb və qapıçı Eduar Mendi penalti zərbəsini dəf edib. Əlavə vaxtda isə Pap fərqlənib.

Seneqal Futbol Federasiyası bu qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edib.

Namiq HUN

TodayPress TV

tag: Mərakeş,Seneqal,Kubok,Futbol,Todaypress.tv,