“Mən zatən qarayam” – “Barselona”nın gənc ulduzundan irqçilərə dərs kimi cavab
“Barselona” klubunun 19 yaşlı hücumçusu Lamin Yamal azarkeşlər tərəfindən irqçilik təzahürlərinə məruz qaldığını, lakin bunun ona təsir etmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, o bu barədə “Movistar Plus”a müsahibəsində danışıb.
“Sizə qarşı irqçilik halları olubmu?” sualına gənc futbolçu belə cavab verib:
“Bəli, min dəfə. İnsanlar dolayısı ilə irqçilik edirlər, lakin bəlkə də bunun fərqində deyillər. Tez-tez irqçi xarakter daşıyan çoxlu şərhlər, baxışlar olur, amma onlar bunu anlamırlar. Mən belə şeylərin qəbul edilmədiyi bir yerdən gəlmişəm, çünki yanlış olan bir şey qəbul oluna bilməz. Lakin bu, məni narahat etmir.
Məsələn, “Bernabeu”da Rafinya ilə mənə qarşı qışqırdıqları məlum video var (“Barselona” futbolçuları 26 oktyabr 2024-cü ildə keçirilən “El Klasiko” zamanı tribunadan təhqir olunmuşdular). Mənim reaksiyam insanları təəccübləndirdi. Son nəticədə kimsə mənə “qara” deyirsə, bu mənə toxunmur – mən zatən qarayam, başqa rəngdə deyiləm. Bu ifadənin təhqiramiz formada deyilməsi ayrı mövzudur və təbii ki, yanlışdır. Lakin insanların məni izləmək üçün pul ödəyib gəldiyi bir oyunda mənə hörmətsizlik edən birinə görə əsəbiləşmək fikrim yoxdur”.
Namiq HUN