Maradona işi üzrə tibbi heyətə qarşı yeni ittihamlar irəli sürüldü

İdman

14.04.2026 12:34

Dieqo Maradonanın ölümü ilə bağlı Argentinada yeni məhkəmə prosesi başlayıb.

TodayPress TV “Reuters” agentliyinə istinadən xəbər verir ki, əfsanəvi futbolçunun tibbi komandasının yeddi üzvü ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur. 

Bu proses əvvəlki məhkəmə işinin baş tutmaması səbəbindən dayandırılmasından təxminən bir il sonra yenidən başlayıb.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə, 60 yaşında beyin əməliyyatından sonrakı bərpa dövründə ürək tutmasından vəfat edib.

Məhkəmə çərçivəsində 100-ə yaxın şahidin ifadəsi dinləniləcək. Araşdırma futbolçunun ölümündə tibbi heyətin səhlənkarlığının olub-olmamasını müəyyən etməyə yönəlib. Təqsirləndirilən şəxslər isə ittihamları rədd edir.

İlk məhkəmə prosesi ötən ilin martında başlamış, lakin hakimlərdən birinin istefası səbəbindən iki ay sonra dayandırılmışdı. Həmin prosesdə müxtəlif sübutlar, o cümlədən foto və video materiallar təqdim olunmuş, Maradonanın övladları və keçmiş həyat yoldaşı Klaudiya Vilyafanye də ifadə vermişdi.

Prokurorluq tibbi heyətin müalicə protokollarını pozduğunu və Maradonanın reabilitasiya olunduğu evin lazımi tibbi qayğıdan uzaq olduğunu bildirib. Müdafiə tərəfi isə futbolçunun ölümünün onun uzunmüddətli sağlamlıq problemləri səbəbindən qaçılmaz olduğunu iddia edir.

Qeyd edək ki, bu iş üzrə ittihamlar 2021-ci ildə yaradılmış xüsusi tibbi komissiyanın araşdırmasından sonra irəli sürülüb. Komissiya tibbi heyətin “qeyri-adekvat, səriştəsiz və məsuliyyətsiz” davrandığı qənaətinə gəlib.

Təqsirləri sübuta yetirilərsə, ittiham olunan şəxsləri 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Namiq HUN

TodayPress TV

tag: Dieqo Maradona,Ölüm,Argentina,məhkəmə,Todaypress.tv,