Lekler: “Ferrari mövsümü ideal şəkildə bitirməlidir”
İdman
10.11.2025 17:44
“Ferrari” pilotu Şarl Lekler bildirib ki, komanda mövsümün son üç mərhələsini qüsursuz keçirməlidir.
TodayPress TV xəbər verir ki, məqsəd Braziliya Qran-prisindəki uğursuzluqdan sonra Konstruktorlar Kubokunda ikinci yeri geri qaytarmaqdır.
Monakolu pilot Braziliyada təhlükəsizlik maşınından sonra baş verən insidentdə zərər çəkib. O, “McLaren” pilotu Oskar Piastri və “Mercedes” sürücüsü Kimi Antonelli ilə ilk döngədə toqquşub. Komanda yoldaşı Lyuis Hemilton isə ilk dövrədə Karlos Saynsla toqquşmadan sonra zədələnərək yarışı tərk edib.
Lekler bildirib:
“Bu, çox məyusedicidir, xüsusilə də biz Konstruktorlar Kubokunda ikinci yer uğrunda mübarizə aparırıq. Biz yarışda finişə çata bilməyən yeganə komanda olduq. İndi həmin mövqeyi geri qaytarmaq çox çətin olacaq. Bu, acı reallıqdır, amma başqa çıxış yolu yoxdur.
Qarşıdakı üç yarış həftəsini ideal keçirməliyik ki, ikinci yeri geri qaytaraq.”
Qeyd edək ki, Braziliya Qran-prisindən öncə “Ferrari” ikinci pillədə idi, lakin iki sürücünün də yarışı yarımçıq qoyması nəticəsində komanda dördüncü yerə geriləyib. Hazırda “Mercedes” “Ferrari”ni 36, “Red Bull” isə 4 xal qabaqlayır.
Namiq HUN
tag: Ferrari,Şarl Lekler,Kubok,Braziliya,Todaypress.tv,
