La Liqada inqilab: Hakimləri artıq süni intellekt idarə edəcək
İdman
22.05.2026 11:41
İspaniya La Liqasının prezidenti Xavier Tebas növbəti mövsümdən hakimlərin fəaliyyətinin qiymətləndirilməsində süni intellektin tətbiq ediləcəyini açıqlayıb.
LA LİQADA ƏDALƏT AXTARIŞI

İspaniya futbolunda son illər hakim qərarları ətrafında böyük qalmaqallar və müzakirələr gedir. Problemin süni intellekt vasitəsilə həlli çox aktual və gələcəyə yönümlü bir addımdır. Xavier Tebas bu yolla həm gərginliyi azaltmaq, həm də futbol idarəçiliyini rəqəmsallaşdırmaq istəyir. Bu futbol idarəçiliyində yeni bir dövrün başlanğıcı olacaq. Belə ki, sistem təkcə oyun zamanı yox, oyundan kənar strukturda da köklü dəyişikliklərə səbəb olacaq.
İNSAN FAKTORUNUN AZALDILMASI

Hazırda Hakimlər üzrə Texniki Komitə referilərin işini qiymətləndirmək üçün 30 fərqli meyardan və çoxlu sayda müşahidəçilərdən istifadə edir. İnsan idarəçiliyi isə şəxsi rəy, təzyiqlər və emosiyalar riskini həmişə saxlayır. 20 fərqli hakim üçün 30 müşahidəçinin olması, qiymətləndirmədə standartların qorunmasını çətinləşdirir.
Süni intellekt qərarların 40%-ni tamamilə obyektiv alqoritmlərlə qiymətləndirəcək. Bu, hakimlərin toxunulmazlıq və ya qərəzlilik ittihamlarından qorunması üçün böyük qalxandır. Sistem sadəcə dataya əsaslanaraq hakimin hansı saniyədə, hansı mövqedə səhv və ya düz etdiyini üzə çıxaracaq.
ŞÜBHƏLƏRİN ARADAN QALDIRILMASI
İspaniya futbolunda ən çox tənqid olunan məqamlardan biri də “hansı oyuna hansı hakim niyə təyin olundu?” sualıdır. “Barselona” və ya “Real Madrid”in oyunlarına təyin olunan referilər həmişə təzyiq altında olurlar.
Süni intellekt şübhələrin aradan qaldırılması üçün hər matça ən uyğun 3 hakim namizədini seçəcək. Bu seçim hakimin cari forması, keçmiş matçlardakı səhv faizi və komandalarla olan statistika əsasında neytral şəkildə aparılacaq. Son qərarı Komitə versə də, ilkin siyahının süni intellekt tərəfindən hazırlanması tərəfkeşlik şübhələrini minimuma endirəcək.
HAKİM QALMAQALLARINA RƏQƏMSAL SON

Qeyd edək ki, Tebasın “mən insan zəkasına inanıram, amma...” yanaşması, əslində futbolda mütləq idarəçiliyin maşınlara verilməyəcəyini, sadəcə süni intellektin bir yoxlama mexanizmi kimi çıxış edəcəyini göstərir. Bu, La Liqanın rəqəmsal nüfuzunu artırmaqla yanaşı, klubların hakimlərə qarşı olan aqressiyasını da azalda bilər.
Namiq HUN
tag: LA LİQA,Xavier Tebas,süni intellekt,Hakimlər,Todaypress.tv,
