Kvaratsxeliya “Qızıl top” iddiasında: “Kroos və Platini belə deyirsə...”
PSJ-nin vingeri Xviça Kvaratsxeliya “Qızıl top” mükafatına namizədlər siyahısına düşməsinə münasibət bildirib. Gürcüstanlı futbolçu mükafata iddiaçı olan 30 nəfərlik siyahıda yer alıb.
TodayPress TV xəbər verir ki, futbolçu bu barədə “L’Équipe” tərəfindən yayımlanan videoda fikirlərini bölüşüb.
“Baxaq görək həyat mənə nə hazırlayacaq, mən hər şeyə hazıram. Dünya çempionatında oynamadan “Qızıl top”u qazanmaq? Düşünürəm ki, bu məndən yox, qərar verənlərdən asılıdır. Qələbə uğrunda mübarizədə yer almaq xoşdur. Həyatda olduğu kimi, futbolda da hər şeyə inanıram. Mişel Platini və Toni Kroos kimi əfsanələr bu kuboka layiq olduğumu deyəndə, bu həqiqətən böyük zövq verir! Planetdə yalnız bir nəfər belə düşünsə belə, kimsənin sizin nəyəsə layiq olduğunuzu düşünməsi xoşdur. Bu o deməkdir ki, işimi düzgün görürəm və belə də davam etmək istəyirəm”, – deyə Kvaratsxeliya bildirib.
Qeyd edək ki, 2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Qalib FIFA reytinqində ilk 100 pillədə yer alan ölkələrdən olan 100 jurnalistin səsverməsi nəticəsində bəlli olacaq. Mükafatın hazırkı sahibi PSJ və Fransa millisinin hücumçusu Usman Dembeledir.
Namiq HUN