Kəmər qalmaqalı bitdi – ittiham olunanlar azadlığa çıxdı

İdman

03.03.2026 09:27

Antalya Ədliyyə Sarayında keçirilən məhkəmə, özünü “Azərbaycan Muay-tay Federasiyasının prezidenti” adlandıran Araz Musayevə hücumu sifariş etməkdə ittiham olunan Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birinci vitse-prezidenti Elşən Abdulrəhimova bəraət verib.

TodayPress TV İdman.Biz-ə istinadən xəbər verir ki, Musayevin sui-qəsd cəhdini sifariş etməkdə ittiham etdiyi digər iki Azərbaycan vətəndaşı – Azər Həsənsoy və Vüqar Əsədov da məhkəmə qərarı ilə təqsirsiz biliniblər.

Xatırladaq ki, hadisə Türkiyənin Kəmər rayonunda IFMA U23 Muay-tay üzrə dünya çempionatı zamanı baş verib. “Atatürk” İdman Salonunda Araz Musayev qarın nahiyəsindən iki bıçaq xəsarəti alıb, həmçinin baş nahiyəsindən zərbələrə məruz qalıb.

Hadisədən dərhal sonra Türkiyə polisi Elşən Abdulrəhimovu, Azər Həsənsoyu və Azərbaycan Muay-tay millisinin baş məşqçisi Vüqar Əsədovu saxlamışdı.

Məhkəmənin bəraət qərarından sonra hər üç şəxs Azərbaycana qayıda bilər.

Namiq HUN

TodayPress TV

tag: Araz Musayev,Elşən Abdulrəhimov,Azər Həsənsoy,Vüqar Əsədov,Bıçaqlanma,Todaypress.tv,