“Kartof kisələri kimi idilər!” – Van der Vartdan sərt tənqid
Niderland millisinin sabiq futbolçusu Rafael van der Vart yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Almaniyaya 0:5 hesabı ilə məğlub olmasını kəskin tənqid edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Voetbal International” nəşri məlumat yayıb.
Keçmiş yarımmüdafiəçi komandanın xüsusilə ikinci hissədəki çıxışından narazı qalıb.
Van der Vart futbolçuların meydanda hərəkətlərini və mübarizə əzmini tənqid edərək onların çaşqın təsir bağışladıqlarını bildirib:
“Bəzən rəqib səni öz qapına sıxışdırır, lakin belə vəziyyətdə futbolçularının necə hərəkət etdiyinə də baxmaq lazımdır. Elə təəssürat yaranırdı ki, hamı çaşqın vəziyyətə düşüb, sanki kartof kisələridir. Nə təhlükəli hücumlar var idi, nə də ikili mübarizəyə girmək istəyi.
Hər şey plana uyğun gedəndə bu komanda kifayət qədər yaxşı təsir bağışlayır. Ancaq ilk növbədə meydanda bütün gücünü ortaya qoymalısan. Heyətdə Vircil van Deyk və Frenki de Yonq olmadıqda dünya səviyyəli ulduzlarımızın sayı da çox deyil.
Hazırda Frenki meydanda yoxdur, amma ümumilikdə komandada yaxşı futbolçular toplaşıb. Bununla belə, onların sadəcə topun arxasınca qaçmasını izləmək həqiqətən məyusedici idi.
Əgər cümə günü onlar bəlkə də ən yaxşı oyunlarını keçirmişdilərsə, bu dəfə ikinci hissə, yəqin ki, ən pis çıxışları oldu.
Qeyd edək ki, Almaniya - Niderland qarşılaşması 5:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Namiq HUN