İSLAMİADA: Oyunlar açıq elan olunacaq

İdman

07.11.2025 10:57

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək.

TodayPress TV xəbər verir ki, “Al Janadryah”da baş tutacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İslamiadada 57 ölkədən olan 3000-dən çox idmançı 23 növ medal uğrunda mübarizə aparır.

Azərbaycan komandası yarışda 20 idman növü üzrə 174 atletlə təmsil olunub.

Ər-Riyad turnesi Azərbaycan idmançılarının İslamiadada beşinci cəhdidir.

Milli komandamız indiyədək keçirilən İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 300 medal qazanıb. Mükafatların 114-ü qızıl, 99-u gümüş, 87-sı isə bürünc əyarlıdır.

Azərbaycan ümumi medal sıralamasında Türkiyə və İrandan sonra üçüncü pillədə qərarlaşıb. 

Atletlərimizin qazandıqları medallara gəlincə, 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutan ilk yarışda Azərbaycan 4-ü qızıl, 4-ü gümüş, 7-si bürünc olmaqla, medal sıralamasında 8-ci yeri tutub. 

2013-cü ildə İndoneziyanın ev sahibliyi etdiyi III İslam Həmrəyliyi Oyunlarında millimiz medal sıralamasında yenə 8-ci yeri tutub. Bu dəfə komandamız aktivinə 6 qızıl, 9 gümüş və 9 bürünc medal yazdırıb. 

Komandamız 2017-ci ildə Bakıda təşkil olunan sayca IV multi-idman oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medalla İslamiadanınqalibi olub. 

2021-ci ildə Türkiyənin Konya şəhərində baş tutan V İslamiadada Azərbaycan idmançıları 29 qızıl, 36 gümüş, 34 bürünc medalla sıralamada dördüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də olacaq.

Namiq HUN

TodayPress TV 

tag: İslamiada,Medal,Oyun,İdman,Todaypress.tv,