İslamiada: Bu gün idmançılarımız 5 növdə yarışacaqlar

İdman

17.11.2025 10:13

Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. 

TodayPress TV xəbər verir ki, bu gün Ər-Riyad turnirində Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi mübarizəyə başlayacaq.

Tor ustalarımız qrup mərhələsində iki oyuna çıxacaqlar. Komanda öncə meydan sahibləri ilə üz-üzə gələcək. Növbəti görüş isə Türkiyə yığmasına qarşı olacaq.

Gün ərzində həndbol üzrə Azərbaycan millisi Qazaxıstan kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Taekvondoçulardan Nərgiz Kazımova (63 kq), Riyad Şirəliyev (67 kq) və Eltac Qafarov (+83 kq) dayanq üzərinə çıxacaqlar.

Paraatlet Samir Nəbiyev (F57) nüvə atma, atlet Yekaterina Sarıyeva isə üçtəkanla tullanmada bacarığını göstərəcək.

Qılıncoynatmanın şpaqa növündə Ruslan Həsənov, Vahab Fətullayev, sablya növündə isə Palina Kaspiaroviç və Səbinə Kərimova qılınc oynadacaqlar.

Qeyd edək ki, Azərbaycan komandası hazırda 42 medalla (5 qızıl, 14 gümüş, 23 bürünc) ümumi sıralamada 9-cu pillədə qərarlaşıb.

İslamiada noyabrın 21-də başa çatacaq.

Namiq HUN

TodayPress TV 

tag: İslamiada,İdman,Mübarizə,Oyun,Todaypress.tv,