İslamiada: Bu gün Azərbaycan idmançıları 6 növdə yarışacaqlar

İdman

08.11.2025 10:45

Səudiyyə Ərəbistanında VI İslam Həmrəyliyi Oyunları davam edir. 

TodayPress TV xəbər verir ki, Azərbaycan idmançıları bu gün altı idman növündə qüvvələrini sınayacaqlar.

Ağırlıqqaldırma yarışında Nuray Əbilova (48 kq), Selcan Qarayeva (53 kq), Amin Osmanov (60 kq) və Fuad Həsənov (65 kq) körpücük üzərinə çıxacaqlar.

Cüdoçuların turnirində Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Ruslan Paşayev (66 kq) və Hidayət Heydərov (73 kq) multi-idman oyunlarının medalları uğrunda mübarizə aparacaqlar.

Üzgüçülük yarışlarında Vlastilina Xasyanova, Oqtay Hüseynov, Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Anastasiya Boborikina, Səid Həmidov, Məryəm Cavadova, Əbdürrəhman Rüstəmov, Fatimə Alkərəmova və Yeqor Maynitski bacarıqlarını nümayiş etdirəcəklər. Millimiz, həmçinin 4x100 metr məsafəyə sərbəst üsulla üzməkdə qarışıq komanda yarışında şansını sınayacaq.

Boks turnirində Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (80 kq) 1/4 final görüşünə çıxacaqlar.

Futzal millimiz qrup mərhələsində ev sahibi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.

Azərbaycanın stolüstü tennis yığması da Səudiyyə Ərəbistanı komandası ilə yarışacaq.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir.

Namiq HUN

TodayPress TV

tag: Səudiyyə Ərəbistanında VI İslam Həmrəyliyi Oyunları,İslamiada ,Ağırlıqqaldırma ,Cüdo,