İrqçilik mübahisəsi alovlandı: Futbol dünyasında gərginlik

İdman

19.02.2026 14:56

Fransa millisinin sabiq futbolçusu Lilian Tyuram, “Real Madrid”in vingeri Vinisius Junior ətrafında yaranan irqçilik qalmaqalı fonunda “Benfika”nın baş məşqçisi Joze Mourinyonu tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb. 

Tyuramın sözlərinə görə, məşqçinin açıqlamaları irqçiliklə mübarizədə geriyə addım kimi görünür və zərərçəkmişin məsuliyyətini müzakirə etmək doğru deyil. O bildirib ki, irqçi davranışlar futbolçunun hərəkətləri ilə deyil, dərisinin rəngi ilə bağlıdır və bu cür hadisələrə şübhə ilə yanaşmaq problemin kökündən həllinə mane olur.

Fransalı sabiq müdafiəçi əlavə edib ki, belə yanaşmalar irqçilik mövzusunda empatiyanın çatışmadığını göstərir və futbol ictimaiyyəti bu məsələdə daha prinsipial olmalıdır.

Qeyd edək ki, hadisə UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” – “Real Madrid” oyununda baş verib. Vinisius iddia edib ki, rəqib komandanın hücumçusu Canluka Prestianni onu “meymun” adlandırıb. Mourinyo isə matçdan sonra futbolçusunun belə ifadə işlətməsinə şübhə ilə yanaşıb.

Namiq HUN

TodayPress TV

tag: Lilian Tyuram,“Real Madrid”,“Benfika”,Joze Mourinyo,Todaypress.tv,