Azərbaycan 51-ci maddəni necə reallaşdırdı?
Prezident İlham Əliyev son çıxışlarında BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalmış qətnamələrinin Azərbaycan tərəfindən təkbaşına icra edildiyini, beynəlxalq hüququn və ədalətin məhz güc amili ilə bərpa olunduğunu xüsusi vurğulayıb. Ölkə başçısı beynəlxalq sistemdəki ikili standartları və BMT-nin təsir mexanizmlərinin effektivsizliyini tənqid edərək, Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməklə yaratdığı yeni reallığa diqqət çəkib.
Maraqlıdır, BMT Təhlükəsizlik Şurasının 30 il ərzində icra olunmayan dörd qətnaməsinin Azərbaycan tərəfindən BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində təkbaşına icra edilməsi müasir beynəlxalq hüquqda özünümüdafiə anlayışının sərhədlərini necə dəyişib? Bu təcrübə BMT-nin səmərəsiz icra mexanizmlərinə alternativ model kimi qəbul oluna bilərmi?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev bildirib ki, Azərbaycanın bu addımları alternativ mexanizm kimi qiymətləndirilə bilməz.

“Bu, alternativ mexanizm deyil. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş dövlətlərin özünümüdafiə hüququdur. Yəni beynəlxalq hüquq baxımından burada hər hansı alternativ yaranmır”, - deyə Fərid Şəfiyev qeyd edib.
Jalə Rövşən