İkardi prokurorluqda ifadə verdi: Keçmiş futbolçuya qarşı araşdırma aparılır
“Qalatasaray”ın və Argentina millisinin sabiq hücumçusu Mauro İkardi 11 yaşlı qızına yüngül bədən xəsarətləri yetirməkdə ittiham olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Argentinanın “Infobae” nəşri məlumat yayıb.
Hadisə noyabrın 6-da Buenos-Ayres şəhərinin ətrafında yerləşən La-İsla adlı mühafizə olunan yaşayış kompleksində baş verib. Futbolçunun qızı kömək istəmək üçün anasına mesajlar göndərib. Bundan sonra anası polisə müraciət edib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları futbolçunun keçmiş həyat yoldaşı Vanda Nara ilə söhbət ediblər. O, keçmiş tərəfdaşının onların ümumi qızını danladığını bildirib. Daha sonra qız evdən müstəqil şəkildə çıxaraq anasının himayəsinə keçib.
Gender zorakılığı ilə mübarizə bölməsinin prokuroru Xulio Petruççi bədən xəsarətləri yetirilməsi faktı üzrə araşdırmaya başlayıb. O, azyaşlının məhkəmə-tibbi ekspertizasından keçirilməsi barədə göstəriş verib və İkardiyə barəsində cinayət işi açıldığı barədə məlumat çatdırıb.
Noyabrın 12-də futbolçu vəkillərinin müşayiəti ilə ifadə vermək üçün prokurorluğa gedib. İkardinin müdafiəçiləri isə araşdırmanın yalnız hadisələrin bir tərəfinin təqdim etdiyi versiyaya əsaslandığını bildiriblər.
“Biz heç bir imtiyaz tələb etmirik. Sadəcə, hamıya bərabər münasibət göstərilməsini istəyirik”, – deyə vəkillər “Infobae”yə açıqlamalarında vurğulayıblar.