IJF reytinqində Azərbaycan cüdoçularından uğurlu nəticə
İdman
11.05.2026 17:56
Beynəlxalq Cüdo Federasiyası (IJF) Astana “Böyük Dəbilqə” turnirindən sonra dünya reytinqini yeniləyib.
TodayPress TV xəbər verir ki, Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) yarışda iştirak etməsə də, dünya reytinqində liderliyə yüksəlib.
Bu dəyişiklik yaponiyalı cüdoçu Dota Arainin reytinq xalının azalması nəticəsində baş verib. Belə ki, onun ötən il Qazaxıstanda keçirilən “Böyük Dəbilqə” turnirində qazandığı qələbəyə görə əldə etdiyi 1000 xalın yarısı silinərək 500 xala endirilib.
Nəticədə Dota Arai liderliyi itirib, Zelim Kotsoyev isə Astanada tatamiyə çıxmadan dünya reytinqinin birinci pilləsinə yüksəlib.
Qeyd edək ki, Astana turnirində gümüş medal qazanan Uşanqi Kokauri (+100 kq) dünya reytinqində üç pillə irəliləyərək 4217 xalla ikinci yerə yüksəlib.
Namiq HUN
tag: IJF,Böyük Dəbilqə,Zelim Kotsoyev,Uşanqi Kokauri,Todaypress.tv,
