Hokkeydə yeni kral? - Makdevid Olimpiadada rekordları alt-üst etdi
İdman
19.02.2026 10:59
Kanada millisinin hücumçusu Konor Makdevid XXV Qış Olimpiya Oyunlarının hokkey turnirində tarixi nailiyyətə imza atıb.
TodayPress TV xəbər verir ki, ulduz hokkeyçi Çexiya ilə 1/4 final matçında (4:3, əlavə vaxt) iki məhsuldar ötürmə edərək turnirdə assistlərinin sayını 9-a çatdırıb.
Bununla da o, ABŞ Milli Hokkey Liqası (NHL) oyunçularının iştirak etdiyi Olimpiadalarda məhsuldar ötürmə rekordunu yeniləyib.
Makdevidin hesabında hazırda 4 oyunda 11 xal (2 qol + 9 assist) var. Əvvəlki rekord finlandiyalı Saku Koivuya məxsus idi. O, həm 1998-ci il Naqano, həm də 2006-cı il Turin Olimpiadalarında 8 assist etmişdi.
Qeyd edək ki, son 12 ildən sonra ilk dəfə NHL oyunçuları Olimpiya yarışlarında iştirak edir.
Namiq HUN
tag: Hokkey,Olimpiya,NHL,Konor Makdevid,Todaypress.tv,
