“Hər şeyi izah etmək istəyirəm” - Laporta Alvares məsələsində danışdı
“Barselona” klubunun prezidenti Joan Laporta “Atletiko”nun hücumçusu Xulian Alvaresin mümkün transferi ətrafında yaranmış vəziyyətə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Laporta argentinalı futbolçu ilə ciddi maraqlandıqlarını və “Atletiko” təklifi qəbul edəcəyi təqdirdə onun transferinə hazır olduqlarını söyləyib.
“Biz bu oyunçu ilə çox maraqlanırıq və təklifimizin qəbul olunmasını istəyirik. Bunu “Atletiko”ya böyük hörmətlə edirik. Əgər onlar bu yay transfer pəncərəsində futbolçunu satmaq imkanına malik olsalar, təklifimizi qəbul etdikləri halda onu almağa hazırıq.
Əvvəlcə demək istəyirəm ki, “Atletiko”ya və onun rəhbərliyinə böyük hörmətlə yanaşırıq. Bir-birimizi uzun illərdir tanıyırıq. Hər şeyin necə baş verdiyini izah etmək istəyirəm.
Kluba təklif göndərdik. Mən bu təklifi Migel Anxel Xil ilə telefon danışığında şəxsən təsdiqlədim. Onlar bildirdilər ki, Xulianı satmaq niyyətində deyillər, çünki onun əvəzedicisi yoxdur. Mən isə marağımızı bildirsəm də, futbolçunu satmamaq qərarlarına hörmət etdiyimizi söylədim. Bununla belə, əgər bu transfer pəncərəsində onun əvəzləyicisini tapsalar, transferdə maraqlı olacağımızı qeyd etdim.
Bundan sonra Deko ilə qərara gəldik ki, onlar futbolçunu satmırlarsa, məsələni təxirə salaq. Bəs sonra nə baş verdi? Biz “Atletiko”nun başqa klublarla futbolçunun transferi üzrə danışıqlar apardığı barədə məlumat aldıq.
Biz hələ də təklif verməyə hazırıq. Çünki hər kəs futbolçunun “Barselona”ya keçmək istədiyini bilir. Bu vəziyyət böyük səs-küyə səbəb oldu, amma “Barsa”nın burada heç bir günahı yoxdur. Enrike Serezo ilə danışdıq, daha sonra özü də açıqlama verdi. Mən ona böyük hörmət bəsləyirəm və demək istəyirəm ki, “Barsa” ləyaqətlə hərəkət edib. Biz digər klublarla necə davranırıqsa, burada da eyni şəkildə hərəkət etmişik.
Təklifimizi yenə də verməyə hazırıq. Əgər “Atletiko” futbolçunu satmaq istəsə, təklifimiz qüvvədə qalır”, – deyə Laporta bildirib.
Namiq HUN
TodayPress TV