Hemiltondan iddialı açıqlama: Məqsəd yalnız çempionluqdur
İdman
05.03.2026 16:42
Yeddiqat dünya çempionu Lyuis Hemilton 2026-cı il “Formula-1” mövsümü üçün əsas hədəfini açıqlayıb.
TodayPress TV "Sky Sports"a istinadən xəbər verir ki, hazırda “Ferrari” komandasının pilotu olan britaniyalı sürücü yeni mövsümdə çempionluq uğrunda mübarizə aparmaq istədiyini bildirib.
“Qış testləri zamanı çox böyük iş gördük. Zavodda komanda inanılmaz həcmdə çalışdı və bu işin nəticələrini testlərdə də tətbiq etdik. Keçən il çox şey öyrəndik. Pis məqamları arxada qoyub yaxşı nəticələr üzərində irəliləyirik. Hazırda çox yaxşı formadayıq və nə etməli olduğumuzu bilirik.
Eyni zamanda hamımız üçün yeni qaydalar və texniki reqlamentlə bağlı ciddi çağırışlar var. Məqsəd çempionatda qalib gəlməkdir. Hər komanda bunu istəyir. Bizim məqsədimiz hər fürsətdən maksimum istifadə etmək, diqqətli olmaq və mövsümün əvvəlindən lider qrupunda mübarizə aparmaqdır.
Nə baş verəcəyini dəqiq bilmirik. Amma bilirəm ki, arxamda performansı artırmaq və hər yarış həftəsonundan maksimum nəticə çıxarmaq üçün çalışan güclü komanda var”, – deyə Lyuis Hemilton bildirib.
Namiq HUN
tag: Lyuis Hemilton,Ferrari,Zavod,Yeddiqat ,Todaypress.tv,
