Hədəf yenə qızıldır: Daha üç cüdoçumuz mübarizəyə qoşulur!
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində bu gün Azərbaycanın daha üç idmançısı tatamiyə çıxacaq.
TodayPress TV xəbər verir ki, yarışın ikinci günündə Hidayət Heydərov (73 kq), Kamran Süleymanov (73 kq) və Südabə Ağayeva (70 kq) mübarizə aparacaqlar.
Hidayət Heydərov turnirə ikinci mərhələdən başlayacaq. Onun ilk rəqibi serbiyalı Baysanqul Baqayevlə rumıniyalı Bors Dumitresku arasındakı görüşün qalibi olacaq.
Kamran Süleymanov isə ilk görüşündə özbəkistanlı Zamoxşari Bekmurodovla kiprli Xristos Dimitriadi arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
Südabə Ağayevanın ilk rəqibi isə ABŞ təmsilçisi Nensi Nquyen olacaq.
Qeyd edək ki, “Böyük Dəbilqə” turnirinin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal qazanıb.
Namiq HUN