Gilyermo Oçoa futbol tarixində unikal rekorda imza atmağa hazırlaşır

İdman

12.05.2026 11:27

Kipr təmsilçisi AEK Larnaka klubunun qapıçısı Gilyermo Oçoa karyerasında altıncı dünya çempionatında iştirak edəcəyini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

40 yaşlı qolkiper DÇ-2026-da Meksika millisinin heyətində yer alacaq. Bu, təcrübəli qapıçının peşəkar karyerasında altıncı mundialı olacaq.

Oçoa açıqlamasında milli komandanın formasını yenidən geyinməyin onun üçün hər zaman böyük qürur olduğunu bildirib. Təcrübəli futbolçu dünya çempionatına doğru son hazırlıq toplanışına başladığını vurğulayıb.

“Futbol illərlə ölçülə bilər, amma ehtiras heç vaxt zamanla ölçülmür. Mən evdəyəm, milli komandamla birlikdəyəm və ölkəm üçün mübarizə aparmaq şansım olduğu müddətdə ruhum komanda ilə olacaq”, – deyə qolkiper paylaşımında qeyd edib.

Qeyd edək ki, Gilyermo Oçoa Meksika millisinin heyətində ümumilikdə 152 oyunda iştirak edib və 154 qol buraxıb. İndiyədək heç bir futbolçu altı dünya çempionatında çıxış etməyib. Beş mundialda iştirak edən Kriştiano Ronaldo və Lionel Messi də 2026-cı il dünya çempionatına qatıla bilərlər.

Namiq HUN

TodayPress TV

tag: Gilyermo Oçoa,AEK Larnaka,Kipr,DÇ-2026,Todaypress.tv,