Futbolçunun ölümündən sonra Pike Ovononun müdafiəsinə qalxdı

Futbolçunun ölümündən sonra Pike Ovononun müdafiəsinə qalxdı
17.11.2026 12:16 İdman

“Barselona”nın sabiq futbolçusu və “Andorra” klubunun sahibi Jerar Pike komandanın qapıçısı Xesus Ovono barəsində verilən cəzaya münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Pike qapıçının 12 oyunluq diskvalifikasiyasını həddindən artıq sərt hesab edir. Onun fikrincə, “Tenerife”nin hücumçusu Xesus de Migelin ölümü ilə nəticələnən hadisə bədbəxt hadisə olub.

Sequndanın XII turu çərçivəsində noyabrın 2-də keçirilən “Tenerife” – “Andorra” matçında hesab 2:2 olarkən qarşılaşmanın sonlarında De Migel Ovono ilə toqquşaraq yerə yıxılıb. Epizod zamanı qapıçının dizinin hücumçunun sinə nahiyəsinə dəydiyi bildirilir.

Futbolçu dərhal xərəkdə meydandan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Mətbuatın məlumatına görə, De Migeldə ürək-tənəffüs fəaliyyəti dayanıb və o, uzun müddət huşsuz vəziyyətdə qalıb. Noyabrın 3-də “Tenerife” klubu futbolçunun vəfat etdiyini rəsmən açıqlayıb.

Hadisədən sonra intizam orqanları Xesus Ovononu 12 oyunluq diskvalifikasiya edib.

Pike isə bu qərarla razılaşmadığını bildirib. O, sosial şəbəkədə yayımladığı videomüraciətdə qapıçının baş verənlərə görə məsuliyyət daşımadığını vurğulayıb:

“Xesus Ovononun 12 oyunluq diskvalifikasiyası əslində onun günahı olmayan nəticələrə görə məsuliyyət daşımasına səbəb olur. Cəza hadisənin nəticəsinə görə deyil, meydanda edilən hərəkətə görə verilməlidir.

2012-ci ildə Viktor Valdeslə çox oxşar vəziyyətdə toqquşmuşdum. Bu, onu günahkar etmirdi. Hətta daha ciddi hadisə baş versəydi belə, o, yenə də günahkar sayılmazdı.

İnsanlar tez-tez kimisə günahlandırmağa ehtiyac duyurlar. Çünki futbol meydanında belə hadisələrin niyə baş verdiyini başqa cür anlamaqda çətinlik çəkirik. Bu, bədbəxt hadisə idi”.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər