Futbol dünyasını təəccübləndirən xəbər: Vinisius əvəzlənib?
Sosial şəbəkələrdə Madrid “Real”ının və Braziliya milli komandasının hücumçusu Vinisius Juniorun oğurlanaraq oxşarı ilə əvəzlənməsi ilə bağlı qəribə konspiroloji nəzəriyyə yayılıb.
TodayPress TV “Marca” nəşrinə istinadən xəbər verir ki, konspiroloqlar Avstraliya ilə matçdan öncə Braziliya millisinin düşərgəsində görünən futbolçunun həqiqi Vinisius olmadığına əmindirlər.
Braziliyada populyarlaşan bu versiyaya əsasən, Vinisius DÇ-2026-dan sonra sirli şəkildə qeybə çəkilib və onun yerinə reklam müqavilələrini yerinə yetirmək üçün oxşarı tutulub. İnternet istifadəçiləri iddia edirlər ki, hazırda milli komandada çıxış edən Vinisiusun bud nahiyəsində Madrid “Real”ındakı təsvirlərdə olan döymələr (tatu) yoxdur.
Həmçinin futbolçunun saqqal saxlaması və imicini kəskin dəyişməsi də bu əvəzlənmə ilə izah olunur. Qəribə iddialarda Vinisiusun oğurlanmasında ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi, Rotşildlər sülaləsi və qlobal “elitalar” günahlandırılır. Futbolçunun yaxın ətrafı və Madrid klubu isə bu cür şayiələrə heç bir reaksiya vermir.
Namiq HUN