“Formula-1”in sabiq pilotu yeni seriyada parladı
Mik Şumaxer “İndianapolis 500” yarışının ən yaxşı debütantı seçilib.
TodayPress TV xəbər verir ki, sabiq “Formula-1” pilotu bu mükafatı “IndyCar” seriyasında ilk çıxışına görə qazanıb.
Almaniyalı sürücü cari mövsüm bir neçə illik dözümlülük yarışlarından sonra “Rahal Letterman Lanigan Racing” komandasının heyətində “IndyCar” seriyasına qoşulub.
Şumaxer “Indy 500” pelotonunda yer alan dörd debütantdan biri olub. Onunla yanaşı Dennis Hauger, Kayo Kollet və Ceykob Abel də ilk dəfə yarışda iştirak ediblər.
27-ci pillədən start götürən Şumaxer debütantlar arasında ən yaxşı nəticəni göstərib. Alman pilot yarışı 18-ci yerdə başa vurub. O, ən yaxşı debütant mükafatı ilə yanaşı, əlavə olaraq 50 min dollar bonus qazanıb.
Qeyd edək ki, ötən il “İndianapolis 500” yarışının ən yaxşı debütantı Robert Şvartsman seçilmişdi.
Namiq HUN