“Formula-1”də yeni qaydalar: Vilnöv Melburn yarışını maraqlı adlandırdı
İdman
09.03.2026 11:31
Keçmiş “Formula-1” çempionu Jak Vilnöv 2026 mövsümünün ilk yarışı olan Avstraliya Qran-prisi barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, mütəxəssis yeni texniki qaydalarla keçirilən ilk yarışın maraqlı alındığını bildirib.
Vilnövün sözlərinə görə, yeni qaydalar səbəbindən komandalar və pilotlar hələ bolidləri tam idarə etməyi öyrənməyiblər və bu da yarışın ilk hissəsini daha gərgin və maraqlı edib.
“Yeni qaydalarla ilk yarışdan əvvəl hamımız bir qədər narahat idik, amma o, olduqca maraqlı alındı. Komandalar və pilotlar baş verənləri tam nəzarətdə saxlamırdılar və bu da yarışın ilk hissəsini çox gərgin etdi. Pilotlar yarış zamanı batareya enerjisindən hücum və ya müdafiə üçün necə istifadə etməyi öyrənməli idilər. Bu isə ilk dövrələrdə iki “Ferrari” pilotunun “Mercedes”lə mübarizə aparmasına imkan verdi”, – deyə o bildirib.
Xatırladaq ki, Melburnda keçirilən yarışın qalibi Corc Rassell olub. Onun komanda yoldaşı Andrea Kimi Antonelli ikinci, Şarl Lekler isə üçüncü yeri tutub.
Vilnöv həmçinin bildirib ki, ev yarışında çıxış edən Oskar Piastri üçün gün uğurlu keçməyib və “McLaren” komandası yüksək xal uğrunda mübarizə aparacaq tempə malik olmayıb.
Namiq HUN
tag: Jak Vilnöv,Formula-1,Avstraliya ,Qran-pri,Todaypress.tv,
