FIFA-da yeni qalmaqal: İnfantinonun ən nüfuzlu adamlarından biri kimdir?
İtaliyalı hüquqşünas Mario Qallavotti FIFA-da yaşanan böhranın pərdəarxası əsas fiqurlarından biri hesab olunur. Onun federasiyanın mübahisəli layihələrindəki təsiri və rolu ciddi suallar doğurur.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, Qallavotti FIFA prezidenti Canni İnfantino ilə 20 ildən artıqdır tanışdır və federasiya rəhbərinin ən nüfuzlu şəxslərindən biri sayılır. O, həssas siyasi və kommersiya məsələləri ilə məşğul olur.
Qallavotti FIFA-nın Səudiyyə Ərəbistanı ilə münasibətlərinin qurulmasında, o cümlədən dünya çempionatlarının keçirilməsi və iri tərəfdaşlıq müqavilələri ilə bağlı məsələlərdə mühüm rol oynayıb. Bununla yanaşı, onun Yaxın Şərq futbolu ətrafında yaranan bir sıra mübahisəli situasiyalara da cəlb olunduğu bildirilir.
FIFA-nın keçmiş əməkdaşlarının sözlərinə görə, Qallavotti formal olaraq müstəqil olan komitələrin fəaliyyətinə təsir göstərir və İnfantinonun maraqlarının irəlilədilməsi üçün federasiyanın intizam mexanizmlərindən istifadə edir.
Həmçinin ona dünya çempionatı ilə bağlı layihələrə özəl investisiyaların cəlb edilməsinə dair məxfi planın detallarının sızdırılmasında iştirak etmək iddiası aid edilir.
Namiq HUN