“Türkiyə qoşunlarını Ermənistana yerləşdirəcək” – Rus ekspertdən SENSASİYA

“Türkiyə qoşunlarını Ermənistana yerləşdirəcək” – Rus ekspertdən SENSASİYA
13.10.2026 09:20 Dünya

“Ermənilər unudur ki, onlara dövləti Rusiya yaradıb, xəritədə Ermənistan olmayıb” – Solonnikovdan şok

TodayPress TV Globalinfo.az-a istinadən tanınmış rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikovla müsahibəni təqdim edir:

– Üç gün öncə Türkmənistan MDB Dövlət Başçılarının Zirvə görüşünə ev sahibliyi etdi. Türkmənbaşı şəhərində keçirilən zirvə toplantısında Prezident İlham Əliyev 2028-ci ildən MDB-yə sədrliyi öz üzərinə götürməyə hazır olduğunu bildirdi. Gələn il isə MDB çərçivəsində sədrlik Özbəkistana keçəcək. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Azərbaycanın 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik etmək qərarı təşkilatın inkişafında yeni mərhələ olacaq. Cənab Solonnikov, türk dövlətlərinin, xüsusən Azərbaycanın MDB-yə sədrlik etməsi region və təşkilatın özü ilə bağlı hansı dəyişikliklərdən xəbər verir?

– MDB 20-ci əsrin sonlarının mirasıdır. O zaman məlum oldu ki, biz iqtisadi əlaqələri kəsə bilmərik və tərəfdaşlıq qalacaq, ona görə də gəlin bu şərtlər altında necə yaşayacağımız barədə razılığa gələk.

Elə görünə bilər ki, hazırda hər kəsin əsas diqqəti Mərkəzi Asiyaya yönəlib, amma biz tədricən Cənubi Qafqaz regionuna keçirik və bu, təşkilatın inkişafında və maraqlarının təmin edilməsində həqiqətən yeni bir səhifədir. Türkmənistanda “MDB-plyus” tərəfdaşlığının yaradılması, o cümlədən İranın MDB-nin daimi üzvlüyünə daxil edilməsi barədə aktiv müzakirələr aparılıb.

Belə olan halda, Azərbaycan həm ərazi olaraq, həm də iqtisadi və mədəni tərəfdaş kimi mühüm əhəmiyyət kəsb edir. Digər vacib element İran və Azərbaycanın əsas dinlərinin islamın şiəlik qoluna aid olmasıdır. Həmçinin, Türk dünyası üçün vahid mədəni siyasətdən danışarkən, Azərbaycanla əlaqələr son dərəcə vacibdir.

– Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr üçün strateji əhəmiyyətə malik Zəngəzur dəhlizini MDB prizmasından necə qiymətləndirmək olar?

– Türkmənistandakı sammitdə Şimal-Cənub Dəhlizinin şərq qolu müzakirə edildi, amma hamımız bilirik ki, qərb qolu ən aktividir. Zəngəzur dəhlizindən Türkiyəyə keçməklə Aralıq dənizi ilə birləşən qərb qolu həmişə diqqətdə olub. Rusiyanın Şimal dənizlərinin və Baltik dənizinin Azərbaycan vasitəsilə İrana, Fars körfəzinə və Hind okeanına çıxış əldə etməsi, eyni zamanda bu marşrutdan qismən Aralıq dənizinə və Atlantik okeanına çıxış əldə edilməsi fikri də olduqca önəmlidir. Buna görə də, Azərbaycanın MDB-yə sədrliyi dövründə Zəngəzur dəhlizi mövzusu, şübhəsiz ki, son dərəcə vacib və maraqlı olacaq. Lakin bu, həm də 2028-ci ildə dünyada və regionumuzdakı siyasi vəziyyətdən asılı olacaq. Bundan əlavə, Türkmənistanda Xəzər Ekologiya Forumu keçirildi və ortaq dənizimizlə bağlı ümumi müzakirələr Azərbaycanda da davam edəcək.

– “MDB-plyus” tərəfdaşlığından bəhs etdiniz. İran Prezidenti Məsud Pezeşkian MDB ilə Tehran arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə “MDB+1” formatının yaradılmasını təklif edib. Bu təklif nəyə əsaslanır?

– Hazırda təşkilatın yeni şəraitdə genişlənmə ideyası yaranıb. “MDB-plyus” layihəsinin ilk genişlənməsi İranın təşkilatın orbitinə daxil edilməsidir. İranın bir çox MDB ölkələri, əsasən Tacikistan və Azərbaycanla tarixi və mədəni əlaqələri var, eyni zamanda Xəzər regionunda beş dövlətin iştirak etdiyi birgə layihələr həyata keçirilir. İran hazırda Rusiya Federasiyası ilə iqtisadi, siyasi və diplomatik əlaqələr, eləcə də BMT və digər beynəlxalq təşkilatlarda dəstək daxil olmaqla çox aktiv siyasət yürüdür. Beləliklə, İran son dərəcə aktual, başadüşülən və yaxındır.

Birlikdə işləyə biləcəyimiz başqa təşkilatlar da ola bilər, lakin Avrasiyada iqtisadi, siyasi və mədəni əlaqələrin sütunlarından biri olan MDB indi inkişafını elan edir. Bura yeni ölkələr də qoşula bilər. Lakin İranın daxil edilməsi yolu ilə MDB-nin genişləndirilməsi ideyası, hələlik, təşkilatın ideologiyasının keyfiyyət dəyişikliyində mühüm elementdir. Söhbət sadəcə postsovet məkanından istifadədən getmir, həm də Avrasiya məkanında bir sıra dost dövlətlərlə birlikdə müəyyən edə biləcəyimiz həqiqətən yeni iqtisadi, mədəni və siyasi qaydalardan gedir. Beləliklə, İran son dərəcə əhəmiyyətlidir və gələcək üçün həlledici bir addımdır.

– Son dövrdə Moskva-İrəvan gərginliyi artıq siyasi ritorikada əks olunur. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İran Dövlət Televiziyasına müsahibəsində deyib ki, Ermənistan rəhbərliyinin inkişaf vektorunu dəyişməyi heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Onun sözlərinə görə, Ermənistanın başına gələ biləcək ən dəhşətli şey onun yeni Ukraynaya çevrilməsidir. Medvedevin bu xəbərdarlığına Ermənistanın Baş naziri Nikol Paşinyan sərt reaksiya verib. Ukrayna müqayisəsi nə dərəcədə realdır? Çünki, bundan əvvəl rusiyalı politoloq Dmitri Trenin də belə bir analogiya aparmışdı. Ermənistanda Ukrayna ssenarisi təkrarlana bilərmi?

– Bu, xəbərdarlıqlar hərbi əməliyyatları nəzərdə tutmur, baxmayaraq ki, indi bütün dünyada müharibələrin sayı artıb. Ona görə də uzunmüddətli perspektivdə bu inkar edilə bilməz. Lakin söhbət mədəni-iqtisadi məsələlərdən gedir. Biz görürük ki, Ukraynadakı kursa oxşar şəkildə Ermənistanda İkinci Dünya müharibəsində nasist Almaniyası ilə əlbir olan insanlar milli qəhrəman hesab edilir, onlara abidələr ucaldılır, önünə gül dəstələri qoyurlar. Rus məktəbləri bağlanır, rus kanalları məhdudlaşdırılır və s.


Ermənistanda tarix yenidən yazılır. Artıq açıq şəkildə oranın Rusiya tərəfindən işğal olunduğunu deyirlər. Əslində isə bugünkü Ermənistanın Rusiya imperiyasının siyasətinin və hərbi əməliyyatlarının nəticəsi olduğunu xatırlamırlar. Yaxın tarixi keçmişdə xəritədə Ermənistan yox idi. İrəvan xanlığı, farslar, Türkiyə var idi və yalnız Rusiyanın Cənubi Qafqazdakı müharibəsi bugünkü Ermənistan ərazisinin Rusiya imperiyasının bir hissəsinə çevrilməsinə səbəb oldu. Daha sonra Misirdən, Yunanıstandan, İrandan, Türkiyədən ora ermənidilli əhali gətirildi və nəticədə bu ərazidə əvvəllər mövcud olmayan erməni etnik qrupu üstünlük əldə etdi. Eyni zamanda, digər millətlərin nümayəndələrinin zorla qovulması ilə bu ərazidə süni şəkildə monoetnik dövlət yaradıldı. İndi hamı bunu unudub və Ermənistanın nə zamansa Rusiya qoşunları tərəfindən işğal edildiyi və bu gün də işğal altında olduğu fikri fəal şəkildə təbliğ olunur.

Bu, vaxtilə Ukraynada formalaşmış klişedir. İndi onlar Ermənistanın Türkiyənin tabeliyində olduğu illəri məmnuniyyətlə xatırlayır və deyirlər: “Bəli, indi biz NATO-da birlikdə olacağıq”. Türkiyə öz qoşunlarını ərazimizdə yerləşdirəcək. Ermənistan üçün Ukrayna ssenarisinin mümkünlüyü barədə söhbətlər də məhz buna əsaslanır. Heç kim hərbi əməliyyatlardan danışmır. Orada daimi rus etnik qrupu yoxdur. Buna görə də, burada rus mədəniyyətinə və ya rus etnik qrupuna qarşı heç bir təhdid yoxdur. Lakin Ermənistan daha pis vəziyyətdədir; dənizə çıxışı və Avropa İttifaqı (Aİ) ölkələri ilə sərhədi yoxdur. Türkiyə ilə həmsərhəddir. Ona görə də NATO qoşunlarının Ermənistana yerləşdirilməsi ehtimalı barədə danışanda, görünür, Türkiyə qoşunları nəzərdə tutulur. Necə ki, Ukraynada Polşa qoşunlarının yerləşdirilməsi müzakirə olunurdu.

– Moskvanın nöqteyi-nəzərindən, Ermənistanla münasibətlər üçün ən pis nümunə Ukraynadırsa, ən yaxşı ssenari hansıdır?

– Prezident Vladimir Putin dəfələrlə deyib ki, Ermənistan Gümrüdəki hərbi bazaya ehtiyacı olmadığını deyən kimi о, çıxarılacaq. Buyurun, qoy Türkiyə bazası yaransın, Ermənistan indi Aİ-nin qaydaları ilə yaşamaq istəyir, problem deyil, biz enerji təchizatı müqavilələrini Avropa qaydalarına uyğun olaraq yenidən müzakirə edərik və Ermənistan qazı beynəlxalq qiymətlərlə alar. Yetər ki, qərar verin, eyni anda iki toyda iştirak edən gəlin olmağa çalışmayın, yəni özünü eyni anda iki bəyə satmaq o qədər də xoş deyil. Bu, düzgün siyasət deyil, amma hələlik Ermənistan bu yolu davam etdirir.

– Ukrayna müharibəsi fonunda Ağ Ev ilə Kreml arasındakı yaxınlaşma diqqət çəkir. ABŞ Rusiya dizel yanacağının daşınmasına tətbiq edilən sanksiyaları 7 aprel tarixinədək aradan qaldırıb. Donald Trampın Rusiyaya qarşı nisbətən yumşaq xarici siyasətini müşahidə etmək olar. Bunun səbəbi nədir? Hansısa ümumi maraqlardan qaynaqlanır?

– Burada kifayət qədər mürəkkəb münasibətlər sistemi mövcuddur. Birincisi, ABŞ heç bir halda Rusiyanın müttəfiqi deyil. Trampın komandasındakı bir çox insan Rusiyaya düşmən kimi baxır. Marko Rubio Afinadakı çıxışında Qərb sivilizasiyası layihəsindən, ilk növbədə ABŞ və Qərbi Avropanın birliyindən, onların bütün bəşəriyyəti idarə edən piramidanın zirvəsində qalmalı və bu vəziyyəti dəyişdirmək cəhdlərinə qətiyyətlə müqavimət göstərməli olduqlarından danışdı. Bu vəziyyəti dəyişdirməyi təklif edənlər, hər şeydən əvvəl, Rusiya, Çin və digər ölkələrdir. Deməli, bu, Rusiyaya qarşı qarşıdurmanın manifestidir.

Tramp bir ay əvvəl, ekstremist Lindsi Qrem (mərhum senator Lindsi Qrem, -red) tərəfindən hazırlanan Rusiyaya qarşı sanksiyalar haqqında qanun imzaladı. Digər tərəfdən, Rusiya üçün Tramp administrasiyası Demokratlar Partiyasından daha az aqressiv düşmən hesab edilə bilər və onun bəzi fəaliyyətləri Rusiya üçün sərfəlidir. Bura Ukraynaya silah tədarükünün məhdudlaşdırılması, Avropaya maliyyə yardımının azaldılması və s. daxildir. Şübhəsiz ki, o, bunları öz dünyagörüşünə əsaslanaraq və ABŞ-ın maraqları üçün edir, lakin müəyyən dərəcədə Rusiya Federasiyasına da fayda verir.

Rusiyanın ABŞ daxili bazarına dizel yanacağı tədarükü o qədər də sadə məsələ deyil. Trampın qərarlarına daha sonra Konqres və ya Amerika məhkəmələri qarşı çıxa bilir. Seçkilər yaxınlaşır və Demokratların onun bu qərarına necə reaksiya verəcəyini görəcəyik. Amma seçkilərdən əvvəl ABŞ daxilində dizel yanacağının qiymətlərinin aşağı salınması Trampa kömək edəcək. O, qiymət dalğalanmalarını bilərək (öz açıqlamaları səbəbindən dəyişdiyini bilir) ABŞ fond bazarı və ya enerji fyuçerslərində (enerji resurslarının alqı-satqısını tənzimləyən birja müqavilələri, -red) spekulyasiya edir və milyardlarla dollar qazanır. Demokratlar artıq onun barədə istintaq aparılması təklifini irəli sürürlər. Tramp, ilk növbədə, iş adamıdır və hər şeydən qazanc əldə edir. Verdiyi siyasi və beynəlxalq qərarlardan o, həmçinin Kuşner və investisiya fondları da daxil olmaqla, özü və ailəsi üçün pul qazanır. Hazırkı razılaşma, yəqin ki, daha əvvəl Lukoil-in xarici resurslarını satmaqla bağlı razılaşma ilə birgə nəzərdən keçirilməlidir. Tramp üçün prezident olmaq sərvətini artırmaq üçün bir fürsətdir. Bəlkə də bu, sonrakı dövrdə korrupsiya araşdırmaları, cinayət işi və ya impiçment deməkdir. Amma hələlik o, bundan pul qazanır.

Lakin Demokratlar bu vəziyyətin 7 apreldən sonra davam etməməsi üçün hər şeyi edəcəklər. İstənilən halda, indiki addım prinsipcə, qlobal iqtisadiyyat, qlobal siyasətin Rusiyaya həmişəlik məhdudiyyətlər qoymadığının mühüm nümayişidir. Əvvəllər tətbiq edilmiş sanksiyaların qaldırılması üçün vaxtaşırı fürsət pəncərəsi açılacaq. Rusiyanın Ukraynaya hücumları dayandırmaq vədi bu enerji müqaviləsinin bir hissəsi kimi qəbul edilirdi. İndi isə bu vəd belə olmadan sadəcə ABŞ bazarına dizel tədarükü mövcuddur. Lakin Trampın Aİ nümayəndələri ilə telefon danışığından sonra qərarını dəyişəcəyi istisna edilmir. Bir neçə gündən sonra onun nə deyəcəyini və administrasiyasının bunu necə şərh edəcəyini görəcəyik.

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər