Hadisə zamanı nə baş verib? Nəsimi erməni evində yaşadıqlarından danışdı

Hadisə zamanı nə baş verib? Nəsimi erməni evində yaşadıqlarından danışdı
13.10.2026 09:55 Dünya

Ermənistan mətbuatı Azərbaycan hərbçisi Nəsimi Musayevin saxlanılması ilə bağlı yeni təfərrüatlar yayıb.

TodayPress TV xəbər verir ki, “Joqovurd” qəzetinin yazdığına görə, Musayev istintaq zamanı hadisə ilə bağlı öz versiyasını təqdim edib.

Lakin yaralanan erməni qadının açıqlaması onun iddialarından fərqlənir.

Qəzetin məlumatına əsasən, Musayev istintaqçılara erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmadığını bildirib. O, ev sahibinin silahının qundağından tutduğunu və bundan sonra atəş açdığını iddia edib. Hərbçi daha sonra ailə üzvlərinin ona hücum etdiyini, bıçaqladığını və döydüyünü də söyləyib.

Musayevin sözlərinə görə, o, yaralı vəziyyətdə evdən qaçaraq yaxınlıqdakı tarlaya gedib və orada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tapılıb.

Hadisə zamanı yaralandığı bildirilən Ani Avetisyan isə “AzadlıqRadiosu”na fərqli açıqlama verib. O iddia edib ki, silahlı şəxs əvvəlcə uşaqlara silah tuşlayıb, daha sonra ona atəş açıb. Qadın uşaqlarını qorumağa çalışarkən əlindən, sonrakı atəş nəticəsində isə ayağından yaralandığını bildirib.

Avetisyanın sözlərinə görə, silahlı şəxs silahını yenidən doldurmağa çalışsa da, sonda evdən qaçıb.

Hadisə ilə bağlı tərəflərin təqdim etdiyi versiyalar arasında ciddi fərqlər var. Hadisənin hansı şəraitdə baş verdiyi və tərəflərin iddialarının nə dərəcədə əsaslı olduğu istintaq çərçivəsində müəyyənləşdirilməlidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər