“Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək
“Formula-1” pilotu Şarl Lekler “Ferrari” komandası ilə yeni müqavilə imzalayıb.
TodayPress TV xəbər verir ki, müqavilənin müddəti rəsmi şəkildə açıqlanmasa da, bir sıra KİV-lərin məlumatına görə, tərəflər bir neçə mövsümü əhatə edən yeni razılaşma əldə ediblər.
Əvvəlki müqavilə 2029-cu ilin sonuna qədər qüvvədə idi. Yeni anlaşmanın isə 2031-ci ilə qədər nəzərdə tutulduğu bildirilir.
Lekler müqavilənin uzadılmasından sonra sevincini gizlətməyib:
“Bu yolu “Ferrari” ilə birlikdə davam etdirdiyim üçün sonsuz dərəcədə xoşbəxtəm. Mənim üçün “Ferrari” həmişə sadəcə komanda deyil, uşaqlıqdan qoşulmağı arzuladığım böyük bir ailə olub. Birlikdə möhtəşəm və çətin anlar yaşamışıq. İndi isə komandamıza əvvəlkindən daha çox inanıram və ümumi məqsədimiz – çempionluğu yenidən Maranelloya qaytarmaq uğrunda mübarizəni davam etdirəcəyimiz üçün minnətdaram”.
Monakolu pilot bildirib ki, “Ferrari” sürücüsü olmaq həm arzu, həm də böyük məsuliyyətdir:
“Komandanı aid olduğu zirvəyə qaytarmaq üçün əlimdən gələni etməyə davam edəcəyəm. Bu, Maranellodakı hər kəs və “Skuderiya”nın ürək döyüntüsü olan tifozilər üçün vacibdir”.
Namiq HUN