“Fənərbağça”nın ulduzuna Avropadan ciddi maraq var!
İspaniyanın “Vilyarreal” klubunun hazırda “Fənərbağça”nın formasını geyinən Marko Asensio ilə maraqlandığı bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Vilyarreal” təcrübəli yarımmüdafiəçinin vəziyyətini yaxından izləyir və onun transferi imkanlarını dəyərləndirir. Klubun əsas məqsədlərindən biri hücum xəttini gücləndirməkdir və Marko Asensio namizədlər siyahısında ön sıralarda yer alır.
Bildirilir ki, Asensio “Fənərbağça”nın əsas simalarından biri kimi Avropanın bir sıra klublarının diqqət mərkəzində qalmaqda davam edir.
Hələlik İspaniya təmsilçisi tərəfindən rəsmi təklif irəli sürülməsə də, yaxın günlərdə transfer istiqamətində addımların sürətlənə biləcəyi qeyd olunur.
Hazırda “Fənərbağça” rəhbərliyinin mümkün təkliflərə necə yanaşacağı məlum deyil. Transfer pəncərəsinin yaxınlaşması fonunda Marko Asensionun gələcəyi ilə bağlı xəbərlərin artacağı gözlənilir.
Namiq HUN