F1-də böyük dəyişiklik? “Pirelli” yeni super təkər planını açıqladı
İdman
17.02.2026 15:23
“Pirelli” şirkəti 2027-ci ildən etibarən “Formula-1”də yeni “super-intermediate” (super-keçid) təkərlərinin tətbiqini nəzərdən keçirir.
TodayPress TV "Motorsport" nəşrinə istinadən xəbər verir ki, təkər istehsalçısı standart yağış və keçid təkərlərinin əvəzinə vahid təkər növünün istifadəsini araşdırır.
2026-cı il texniki reqlamenti bolidlərin arxasında yaranan su pərdəsini azaltmağı hədəflədiyindən, yağış şəraitində istifadə olunan təkərlərin yenidən nəzərdən keçirilməsi üçün imkan yaranıb. Yeni nəsil bolidlərin daha az sıçrama yaratması gözlənilir ki, bu da sürücülərə güclü yağışda belə daha yüksək sürətlə hərəkət etməyə şərait yarada bilər.
“Pirelli”nin avtoidman bölməsinin rəhbəri Mario İzola bildirib ki, şirkət geniş hava və trek şəraitində işləyə bilən vahid “super-intermediate” tərkibi təklif edib. Bu təkərlər demək olar quru trasdan tutmuş çox yaş şəraitə qədər effektiv performans göstərməlidir.
Şirkət artıq Formula-2 və Formula-3 seriyalarında vahid təkər konsepsiyasını tətbiq edib və GT yarışlarında da bu sistem uğurla işləyir.
Yeni təkər hazırkı keçid təkərlərinin dizaynı əsasında hazırlanacaq və suyun uzaqlaşdırılması üçün iki uzununa kanal saxlanılacaq. Bununla yanaşı, hazırda tam yağış təkərlərinin tələb olunduğu su həcmlərinə də uyğunlaşması planlaşdırılır.
Qeyd edək ki, yekun qərar 2026-cı ildə keçiriləcək testlərdən sonra veriləcək. “Pirelli” yaş şəraitdə üç test sessiyası planlaşdırıb. Onlardan biri Bəhreyn Qran-prisindən dərhal sonra keçiriləcək və trek süni şəkildə sulanaraq real yarışa yaxın şərtlər yaradılacaq.
Namiq HUN
tag: Mario İzola ,Formula-1,Pirelli,Motorsport,Todaypress.tv,
