Eldəniz Əzizli dünya çempionu ilə, Sənan Süleymanov iranlı güləşçi ilə qarşılaşacaq
Azərbaycanın yunan-Roma güləşi üzrə iki təmsilçisi bu gün axşam Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatının yarımfinal görüşlərinə çıxacaq.
TodayPress TV xəbər verir ki, dördqat dünya çempionu Eldəniz Əzizli (55 kq) hazırkı dünya çempionu, gürcüstanlı Vaxtanq Lolua ilə qarşılaşacaq. Gürcüstan təmsilçisi 2025-ci ildə Zaqrebdə keçirilən dünya çempionatında qızıl medal qazanıb, Əzizli isə həmin yarışda bürünc medalla kifayətlənib.
Bununla belə, iki güləşçinin şəxsi görüşlərində üstünlük azərbaycanlı idmançının tərəfindədir. Əzizli 2025-ci ildə Bratislavada keçirilən Avropa çempionatının 1/4 finalında Loluaya 9:0 hesabı ilə qalib gəlib.
Azərbaycanın digər təmsilçisi Sənan Süleymanov (77 kq) finala vəsiqə uğrunda iranlı Əli Zəbihullah Oskou ilə mübarizə aparacaq. Dünya Güləş Birliyinin (UWW) mövcud protokollarına əsasən, bu idmançılar əvvəllər bir-biri ilə qarşılaşmayıblar.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Daha iki azərbaycanlı güləşçi 1/4 finalda mübarizəni dayandırıb. Murad Məmmədov (60 kq) hazırkı dünya çempionu, qazaxıstanlı Aydos Sultanqaliyə 1:4 hesabı ilə uduzub. Qurvan Qurbanov (82 kq) isə 6:0 öndə olmasına baxmayaraq, ikiqat dünya çempionu, qırğızıstanlı Akjol Mahmudova 6:7 hesabı ilə məğlub olub.
Hər iki güləşçimiz bürünc medal uğrunda mübarizə aparmaq şansını saxlayır. Təsəlliverici mərhələyə düşmək üçün Sultanqali və Mahmudovun yarımfinal görüşlərində qalib gələrək finala yüksəlmələri lazımdır.
Bu çəki dərəcələrində təsəlliverici və medal görüşləri oktyabrın 25-də keçiriləcək.