Hitlerin məşhur “Qartal Yuvası” yandı – Şübhəli şəxs saxlanıldı
Almaniyanın Bavariya bölgəsində Adolf Hitlerin istifadə etdiyi tarixi “Qartal Yuvası” binasında yanğın baş verib. Hadisə ilə bağlı qəsdən yanğın törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Bild” qəzeti polis sözçüsünə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, yanğın oktyabrın 23-də axşam saatlarında başlayıb. Yanğınsöndürənlər hadisə yerinə çatanda bina artıq alov içində olub. Polis nümayəndəsi tikiliyə ciddi ziyan dəydiyini və onun bərpasının çətin göründüyünü bildirib.
Polis əməkdaşları hadisə yerinə gedərkən motosikletlə hərəkət edən şəxslə qarşılaşıblar. O, qəsdən yanğın törətməkdə şübhəli bilinərək saxlanılıb. “Bild”in məlumatına görə, saxlanılan şəxs Berlin sakinidir.
Qeyd edək ki, “Qartal Yuvası” Bavariya Alplarında, Kehlstein dağında, dəniz səviyyəsindən 1834 metr yüksəklikdə yerləşir. Bina 1937-1938-ci illərdə nasist rəhbərliyi tərəfindən tikdirilib və Adolf Hitlerin 50 illik yubileyi münasibətilə ona hədiyyə edilib.
Türkan İsgəndərli