"Reuters": Ağ Ev “Starlink” xidmətindən xarici siyasət məqsədləri üçün istifadə edir
ABŞ administrasiyalarının xarici siyasət məqsədlərini həyata keçirmək üçün “SpaceX” şirkətindən müxtəlif ölkələrdə “Starlink” peyk internet xidmətini aktivləşdirməyi və ya məhdudlaşdırmağı dəfələrlə xahiş etdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, “Reuters” agentliyi bu barədə mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, keçmiş prezident Co Baydenin administrasiyası 2023 və 2024-cü illərdə “SpaceX”dən Yəmən və Livandakı İranpərəst qüvvələrin “Starlink” terminallarına çıxışının qarşısını almağı istəyib. ABŞ kəşfiyyatının həmin qüvvələrin terminalları əldə etdiyinə inandığı qeyd olunur.
Ukraynada münaqişə başlayandan sonra Bayden administrasiyası şirkətdən Ukrayna hərbçilərinin “Starlink” xidmətinə çıxışını genişləndirməyi də xahiş edib. 2022-ci ildə İranda etirazlar zamanı isə ABŞ administrasiyası ölkədə peyk internet xidmətinin göstərilməsini istəyib. Agentliyin məlumatına görə, sonradan İrana terminalların çatdırılması da mümkün olub.
“Reuters”in yazdığına görə, Donald Tramp administrasiyası da 2025 və 2026-cı illərdə İrana qarşı hərbi kampaniya zamanı oxşar addımlar atıb.
Oktyabrın ortalarında Ukraynada “Starlink” əməliyyatlarına məhdudiyyətlər tətbiq edildiyi bildirilsə də, Tramp administrasiyası bu qərarda iştirakını təkzib edib.
Agentlik hesab edir ki, bu hallar ABŞ hökumətinin xarici siyasət məqsədlərini irəli aparmaq üçün “SpaceX”in peyk rabitəsi imkanlarından geniş istifadə etdiyini göstərir.
Türkan İsgəndərli