Əfsanəyə toxunan söz İtaliyada fırtına yaratdı

İdman

20.02.2026 11:01

İtaliya A Seriyasında “İnter” – “Yuventus” (3:2) qarşılaşmasından sonra səslənən fikirlər futbol tarixinin ən mübahisəli epizodlarından birini yenidən gündəmə gətirdi. 


“İnter”in baş məşqçisi Kristian Kivu rəqib oyunçunun qırmızı vərəqəsini 1986-cı ildə Maradonanın vurduğu məşhur “Tanrının əli” qolu ilə müqayisə etdi. Bu isə mərhum əfsanənin oğlu Dieqo Maradona Sinaqranın sərt reaksiyasına səbəb oldu.


Kivu demək istəyirdi ki, futbol tarixində ədalət meyarları həmişə müzakirəli olub və Maradonanın əllə vurduğu qolundan sonra da oxşar hallar davam edib. O, bunu ironik kontekstdə səsləndirsə də, problem məhz burada başlayır:


Belə ki, tarixi kontekst fərqlidir. 1986-cı ildə VAR sistemi yox idi. Bu gün isə texnologiya səhvləri minimuma endirmək üçün mövcuddur. Müasir epizodu 40 il əvvəlki hadisə ilə müqayisə etmək nə dərəcədə məntiqlidir?

Maradona artıq həyatda deyil. Onun adı üzərindən metaforik nümunə gətirmək etik baxımdan həssas mövzudur.


Bu məsələdə emosional faktor Argentina futbol mədəniyyətində Maradonanın yalnız oyunçu deyil, milli kimliyin bir hissəsi olmasıdır.

Ziddiyyətli məqamlar 

1986-cı il Dünya Çempionatında İngiltərəyə qarşı eyni oyunda həm qaydalara zidd qol, həm də futbol tarixinin ən möhtəşəm fərdi qollarından biri vurulmuşdu. Tənqidçilər birinci epizodu qabardır, tərəfdarlar isə ikinci epizodu önə çəkir.

Futbolun romantik tərəfi Maradonanın hiyləgərliyini “futbol zəkanın qələbəsi” kimi təqdim edir. Hüquqi baxış isə bunu qayda pozuntusu sayır.

Bir məşqçi olaraq Kivu, hakim qərarlarını tənqid etmək istəyirdi. Lakin bunu konkret bir futbol əfsanəsinin adı ilə bağlamaq əlavə gərginlik yaratdı. 


“İnter” – “Yuventus” qarşıdurması özü-özlüyündə İtaliya futbolunun ən prinsipial duelidir. Belə emosional fon üzərində verilən açıqlamalar daha tez alovlanır. Üstəlik, Maradona adı çəkiləndə mövzu artıq sadəcə hakim səhvi deyil, futbolun tarixi yaddaşı məsələsinə çevrilir.

Dieqo Maradona Sinaqranın reaksiyası isə emosional olsa da, onun arqumentində bir mesaj var:


“Əgər o, atamın oyunçu kimi 1%-i olsaydı, qəbul edərdim”.

Bu fikir polemikdir. Çünki məşqçi ilə oyunçu karyerasını müqayisə etmək metodoloji baxımdan düzgün deyil. Amma emosional müstəvidə başadüşüləndir.

Namiq HUN

tag: İnter,Yuventus,Maradona,Kivu,Todaypress.tv,